Qıçların hövsələ sümüyünə (burada hövsələ sözü “çanaq, içi oyuq” mənasını verir), yəni çanaqlığa birləşdiyi yerə bağanaq deyirik (çanaq sümüyü çanağa oxşar olduğu üçün belə adlanıb). Bəzi mənbələrdə (və bir sıra müasir türk dillərində) bağanaq əvəzinə, bağçanaq (bağançanaq) verilib. Deməli, buradakı –anaq şəkilçisi döyənək, dəyənək, boğanaq sözlərindəkinin eyni deyil (alimlər yazırlar ki, tozanaq sözü toz feilindən düzəlib, amma bizdə toz feili yoxdur, toz-a-maq və toz-u-maq feilləri var), çanaq kəlməsinin təhrifi nəticəsində yaranmış formadır. M.Kaşğarinin “Divan”ında bağayaq sözü də verilib, heyvanın dırnaqları arasındakı yarığa deyiblər. Güman etmək olar ki, bağanaq kəlməsi elə həmin bağayaq sözünün dəyişmiş formasıdır. Buna yaxın olan badaq sözü də var, “скоба” (“qurbağa” da deyirlər) mənasında işlədilir. Söz belə yaranıb: ba feili üzərinə -ğ şəkilçisi artırmaqla isim yaradılıb, onun üzərinə -laq şəkilçisi artırılıb və bağlaq ismi əmələ gəlib. Sonra həmin söz bağdaq (müqayisə et: al-la-t və al-da-t) formasını kəsb edib. Deməli, tarixən şəkilçi –daq deyil, -laq olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)