Bağçılıq
Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir.
Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir.
Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir".
Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür.
Bağçılıqda ən mühüm dövr payız fəslidir.