Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı – 17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991).
Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır.
Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür.