Dalar pallenis
Dalar pallenis - (lat. Pallenis spinosa)
Birillik, hündürlüyü 35-60 (70) sm olan, gövdəsi düz, yuxarıdan qalxanvari budaqlı, tüklü bitkidir. Kökyanı yarpaqları uzunsovkürəkvari, saplağa daralır, gövdəyanı yarpaqları isə uzunsov-lansetvari, kənarları xırda diş-dişlidir. Səbətlərinin eni 13 mm, çoxsaylı deyillər. Sarğısı əsasından seyrəktüklü, xarici yarpaqcıqları lansetvari, ucu tikanlı, səbətlərdən xeyli böyükdür və ulduzvari sərilmişdir. Çiçəkaltlığı uzunsov, qayıqvari, ucu bizdir. Dilcikləri dar xəttvari, açıq sarı rəngdədir. Qıraqdakı toxumcaları 3 mm uzunluqda, ellipsvari, enli qanadlı, ortadakılar isə xırda, sıxılmış 3 tərəflidir.
BQ Quba sahəsinin dağətəyi və aşağı dağ qurşağlarında yayılmışdır. Kolluqlarda, quru və tullantılı yerlərdə bitir.