Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.
Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur.
Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.
Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.