Divanxana (Şirvanşahlar sarayı)
Divanxana — Şirvanşahlar sarayının şimal-qərbində, hündür stilobat üzərində inşa edilmiş rotonda-pavilyon. XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmişdir. Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi.
Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Binanın orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir.
Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib.