Leonis dombalanı
Leonis dombalanı (Elmi adı — Terfezia leonis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.
== Qısa morfoloji təsviri ==
Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4–6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir, meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.