1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir mədəni. Dəmir parçası.
– Ahənrüba … dəmiri cəzb edir, yəni özünə çəkir.
// Dəmir parçası, dəmir təbəqəsi, dəmir çubuq.
Aslan həyətdə paslı dəmir üstündə oturub, Bayramın yolunu gözləyirdi.
// Ümumiyyətlə, dəmirdən qayrılmış şey, ya şeylər. Evin damı dəmirdir. Qapı dəmirdəndir.
2. Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış. Dəmir kassa. Dəmir mil.
– [Gülsənəm] otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı.
// Məc. mənada. Dəmir qanadlar.
– Dəmir atlar dolaşır şimalın meşəsini.
3. tib. Tərkibində dəmir preparatı olan dərman.
4. məc. Möhkəm, yenilməz, sarsılmaz. Dəmir iradə.
– [Qara kişi] sərt xasiyyətli, dəmir iradəli, eyni zamanda mehriban qəlbli bir adam idi.
// məc. Eyni mənada təşbeh və müqayisələrdə.
Dəmir, beton kimi sıxdır sıramız.
Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur.
◊ Dəmir dövrü arxeol. – ibtidai icma dövründə insanların əmək alətləri qayırmaq üçün əsas material olaraq dəmir işlətməyə başladıqları dövr.
Dəmir yolu – 1) qatarların hərəkət etməsi üçün relsli yol. Dəmir yolu çəkmək.
– O ki qaldı, nə bilim, dəmir yolu, telefon, teleqram … onların mənasını Əhməd bəy başa düşmür. ;
2) relsli yollara, qatarlara və qatarların hərəkətinə xidmət və bu işləri təşkil etməklə məşğul olan idarələrin məcmusu. Dəmir yolunda işləmək.