Ətli dəvəayağı
Cənubi Qafqaz (Naxçıvan), İranda geniş yayılmışdır. İranın şimal-qərbi, Təbriz yaxınlığı və Xoy şəhərinin ətrafından toplanılan nümunələrə əsasən təsvir edilmişdir.
20-40 sm hündürlüyündə, yoğun kökə malik yarımkoldur. Çiçək saplaqlarının əsasında yerləşən və sıx dəstələr əmələ gətirən yarpaqları nisbətən qalın ətli olub, göy-yaşıl, 1-4 sm uzunluqda, 2-6 mm enindədir. Yuxarı yarpaqları küt, aşağı yarpaqları tədricən daralaraq gövdəni yarı qucaqlayan, enli-pərdəvari haşiyələnmiş qına keçir. Çiçək saplaqlarının sayı az olub, çılpaq, hamar və zəif qırışlıdır. Çiçək saplaqları bir qədər yuxarıdan süpürgəvari budaqlıdır. Çiçəkləri 5-10 olmaqla dağınıq sünbülcüklərdə və ya son budaqcıqlarda olan sünbüllərdə süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Sünbülcükləri 2-3 çiçəklidir. 1,5-2,5 mm uzunluqda olan sünbülcüyün xarici çiçəkyanlığı enli-yumurtavari və pərdəvari haşiyəlidir.