Azərbaycanda ekologiya
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur.
== Ekoloji problem ==
Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.