Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri.
== Tarixi və fəaliyyəti ==
Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib.
Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur.
== Təhsil strukturu ==
Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır.
Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.