Şahin Fazil
Şahin Fazil oğlu Fərzəliyev (27 mart 1940, Quba – 18 avqust 2024, Bakı) — Azərbaycan tarixçisi, şair, şərqşünas və tərcüməçi; 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuş tarix üzrə elmlər doktoru (1997), professor (2004).
== Həyatı ==
27 mart 1940-cı ildə Quba şəhərində anadan olmuş Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir.
Ş. F. Fərzəliyev 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərmişdir. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirmişdir.
Şahin Fazil 18 avqust 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.
== Elmi fəaliyyəti ==
1996-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülmüşdür.
Hazırda Tarix İnstitutunda "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
Həm də görkəmli şair olan Şahin Fazil XX əsrin birinci mətbu "Divan"ını yazmış və çap etdirmişdir (1996). İndiyədək onun daha dörd "Divan"ı işıq üzü görmüşdür.