Fazil Nəcəfov
Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri.
== Həyatı ==
Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib.
Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.
Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var.
2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır.
Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir.
2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.