Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
== Toponimikası ==
Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir.
== Tarixi ==
Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir.
=== Tarixi abidələri ===
Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.
== Coğrafiyası və iqlimi ==
Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.