Gülüstan Sarayı
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir.
== Tarixi ==
"Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Sarayın memarları olaraq N. M. Hacıbəyov və A. Y. Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə N. İ. İsmayılov və K. A. Kərimov seçilmişdilər. Binanın layihəsi Bakgiproqor institutunda hazırlanmışdır. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar N. M. Hacıbəyov və A. Y. Əmirxanov, konstruktorlar N. İ. İsmayılov və K. A. Kərimov, F. İ. Rüstəmbəyov və T. Y. Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar T. Ş. Əhmədov və A. İ. Kevorkov) Azərbaycan SSR-nin Dövlət mükafatına layiq görülmüşdür.
Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır.
20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər.
Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010), Beynəlxalq humanitar forum (2011), Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi, önəmli tədbirlər keçirilirdi.