GÜNAH [Mümtaz Mötəbərov:] Mənim günahım nədir? (M.Hüseyn); BABAL Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı (R.Rza); CÜRM (kl.əd.) Vəzir: Sultan Mahmud Qəznəvi bu gunə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu (M.F.Axundzadə); İTTİHAM Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? (M.S.Ordubadi); QƏBAHƏT Fikrət: Şəxsən mən bunda bir qəbahət görmürəm (H.Abbaszadə); QÜSUR Gər sən idrak eyləməzsən, bil ki, səndədir qüsur (Nəsimi); SUÇ (köhn.) Nazlıya elə gəlirdi ki, onun bu işdə heç suçu yoxdur (M.Hüseyn); TƏQSİR Əslində təqsiri olmasa da Adilə özünü günahkar hesab edib dedi: – Bağışla, Həmzə, düzü, yadımdan çıxıb (Ə.Qasımov); VƏBAL (dan.) Vəbalı nağıl edənin boynuna, yaman-doğruluğuna zəmanət etmirəm (Ə.Haqverdiyev).