Hematit
Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
== Növ müxtəliflikləri ==
Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O).
== Xassələri ==
Rəng – kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr.
== Mənşəyi və yayılması ==
Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir.