Azərbaycanda heykəltaraşlıq
Azərbaycanda heykəltaraşlıq — Azərbaycan təsviri sənətinin növlərindən biri.
Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər.
Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı
Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir.