Hicab
Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər.
Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.