Fransada holokost
Fransada holokost İkinci dünya müharibəsi ərzində 1940 və 1944-cü illər aralığında almanlar tərəfindən işğal olunmuş Fransa ərazilərində yəhudilərin və qaraçıların məruz qaldığı təqib, deportasiya və qətl hadisələrindən ibarət idi. Fransada yaşayan yəhudilərin təqib olunması prosesi hələ 1940-cı ildə başlamış və 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər Fransa yəhudilərinin Almaniya və Polşada yerləşən həbs düşərgələrinə aparılması prosesi ilə də özünün kuliminasiya nöqtəsinə çatmışdır. 1940-cı ildə Fransada məskunlaşmış 340,000 nəfər etnik yəhudidən 75,000 nəfərdən çoxu nasistlərin ölüm düşərgələrinə deportasiya edilmişdi ki, onların da təqribən 72,500 nəfəri öldürülmüşdü. Fransada nasist Vişi rejimi və polis qüvvələri ölkənin müxtəlif yerlərində yaşayan yəhudilərin toplanması işi ilə məşğul idi. Deportasiyaya məruz qalan yəhudilərin əksər hissəsinin həlak olmasına baxmayaraq, Fransanın yəhudi əhalisi arasında sağ qalma dərəcəsi 75% idi ki, bu da Avropada ən yüksək dərəcələrdən biri hesab olunurdu.
== Arxa plan ==
1940-cı ilin yayında Fransanın nəzarəti altında olan ərazilərdə ümumilikdə 700,000 yəhudi yaşayırdı ki, bunların da 400,000 nəfəri Fransız Əlcəzairində və başqa iki fransız müstəmləkəsi olan Tunis və Mərakeşdə məskunlaşmışdı. İki dünya müharibəsi arasındakı dövrdə Fransanın Avropa hissəsində 150,000 nəfər etnik yəhudi yaşayırdı. Bütün bunlara əlavə olaraq, Fransa Almaniyadan ölkəyə gələn çoxsaylı xarici yəhudilərə də ev sahibliyi edirdi. Evian konfransından sonra ABŞ və Böyük Britaniya hökumətlərinin ölkəyə əlavə yəhudi immiqrantları qəbul etməkdən imtina etməsi nəticəsində artıq 1939-cu ildə Fransadakı yəhudi əhalisinin sayı 330,000 nəfərə yüksəlmişdi. 1940-cı ildə Nasist Almaniyasının Belçika və Niderlandı işğal etməsi nəticəsində Fransaya yeni yəhudi immiqrant axını gəldi və bununla da ölkədəki etnik yəhudilərin sayı 340,000 nəfərə çatdı.