1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ.
// Cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər hansı bir cəhətinə aid olan dövlət hüquq və qərarlarının məcmusu. Əmək hüququ. Mülki hüquq. Vətəndaşlıq hüququ.
// Hər hansı bir məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq sazişlərin, müqavilələrin məcmusu. Dəniz hüququ.
// Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. Mülki hüquq mütəxəssisi. Cinayət hüququndan mühazirə. Hüquq elmləri doktoru.
2. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları. Fəhlə sinfinin siyasi hüquqları. Sosial təminat hüququ. Varislik hüququ.
// Birisinə vəzifəsini yerinə yetirmək, müəyyən vəzifə tutmaq ixtiyarını verən rəsmi icazə, vəsiqə. Müəllimlik hüququ.
// dan. Hər hansı bir şəxsə avtomobil, motosiklet və s. sürmək ixtiyarı verən sənəd. Sürücülük hüququ.
3. Bu və ya başqa bir tərzdə hərəkət etmək, iş görmək imkanı; ixtiyar. Yeni təyin edilmiş müdirə böyük hüquqlar verilmişdir.
4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç bir hüququ yoxdur.
5. köhn. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq.
◊ Hüquq məsləhətxanası – əhaliyə hüquq məsələlərinə dair məsləhətlər vermək üçün vəkillər kollegiyası şöbəsi.
Hüquq məsləhətçisi – bir idarənin, müəssisənin və s.-nin hüquq məsələlərinin praktik həlli ilə məşğul olan və hüquq təşkilatlarında (arbitrajda, məhkəmədə və s.) onun mənafeyini müdafiə edən hüquqçu.