HƏBSXANA [Ceyran:] Ümidvaram ki, bizim oğlumuz bir də həbsxana üzü görməyəcək (İ.Əfəndiyev); AĞZIBİR (zar., dan.) Mümtaz Mötəbərov: Yaxşı bunun üçün tutub səni ağzıbirə salsalar, onda bəs necə (M.Hüseyn); DAM (məc.) Çiçək: Deyir, təki məni məsuliyyətə cəlb edəydilər, lap tutub dama salaydılar (Ə.Qasımov); DUSTAQ Qubernator: Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır (C.Cabbarlı); DUSTAQXANA (köhn.) Ana: Nər kimi oğlu, işləyən vaxtı, atanın-ananın hayına çatan vaxtı dustaqxana küncündə yatıb qalıb (M.İbrahimov); HƏBS Səba: Yaxud da onu axtarmaq və tapmaq üçün getdikcə onun həbsdə olduğunu gözünüzə alın (M.S.Ordubadi); QALA (köhn.) Qalada yatmış idim; Top atdılar oyanmadım (Xalq mahnısı); QAZAMAT (köhn.) O, atasının illərlə çar qazamatlarından baxdığını anasından öyrənmişdi (S.Rəhimov); QƏFƏS (məc.) Gəlin, tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlayan səsi (S.Vurğun); QODUQLUQ (zar., dan.) Həmid: Pis söz üstə heç kimi qoduqluğa basmazlar (H.Abbaszadə); MƏHBƏS Nə xan vardı, nə xaqan, nə zülmkar, nə yoxsul; Nə məhbəs, nə əsarət, nə zəncir, nə kəniz, qul (M.Rahim); NAVAXTA (köhn.) Polis yasavulu: Yoxsa zamini olmasa, pristav göndərəcək navaxta (C.Məmmədquluzadə); TÜRMƏ (dan.) Namiq: Bəs türməyə düşməkdən qorxmursan? (Anar); ZİNDAN (qaranlıq həbsxana) (köhn.) Qətibə: O məni dara çəkdirər, zindanlarda boğdurarsa, haqlıdır (M.S.Ordubadi); ZİNDANXANA (köhn.) Zindanxanada dar ağacı quruldu (Çəmənzəminli).