intranet

intranet
intramolekulyar 2021
intravenoz
OBASTAN VİKİ
İntranet
İntranet — adətən kənar şəxslərin girişini istisna etmək şərtilə təşkilat daxilində məlumat mübadiləsi, asan kommunikasiya, əməkdaşlıq alətləri, əməliyyat sistemləri və digər hesablama xidmətləri üçün kompüter şəbəkəsi. Termin internet kimi ictimai şəbəkələrdən fərqli olaraq istifadə olunur, lakin internet protokol dəstinə əsaslanan eyni texnologiyadan istifadə edir. Təşkilat miqyasında intranet daxili kommunikasiya və əməkdaşlığın əsas mərkəz nöqtəsini təşkil edir. Bu, daxili və xarici resurslara daxil olmaq üçün vahid başlanğıc nöqtəsini təmin edir. Ən sadə formada lokal şəbəkələr (LAN) və genişmiqyaslı şəbəkələr (WAN) texnologiyaları ilə intranet qurulur. Bir çox müasir intranetlərdə axtarış mühərrikləri, istifadəçi profilləri, bloqlar, bildirişləri olan mobil tətbiqlər və infrastrukturları daxilində hadisələrin planlaşdırılması mövcuddur. İntranet bəzi hallarda ekstranetdən fərqlidir. İntranet ümumiyyətlə təşkilatın işçiləri üçün məhdudlaşdırılsa da, ekstranetlərə müştərilər, təchizatçılar və ya digər təsdiq edilmiş tərəflər də daxil ola bilər. Ekstranetlər autentifikasiya, avtorizasiya və mühasibat uçotu üçün xüsusi müddəalarla özəl şəbəkəni internetə genişləndirir. Bir çox təşkilatların intranetləri məzmununun əhatə dairəsi və müxtəlifliyi, həmçinin sistem interfeyslərinin sayı səbəbilə öz ictimai internet saytlarından daha mürəkkəb olur.
Milli intranet
Milli intranet — öz sakinlərinin kommunikasiyalarına nəzarət etmək və monitorinq etmək, habelə onların xarici mediaya çıxışını məhdudlaşdırmaq məqsədi ilə qlobal internetin milli əvəzedicisi kimi bir milli dövlət tərəfindən saxlanılan internet protokolu əsaslı qapalı platforma şəbəkəsi. İslam ölkələrində halal internet termini işlənir. Bu cür şəbəkələr əsasən dövlət tərəfindən idarə olunan mediaya və xarici internet xidmətlərinin milli alternativlərinə çıxışla təmin edilir: axtarış sistemləri, veb-əsaslı e-poçt və s. Myanma 2011-ci ildən əvvəl "Myanmar Wide Web" adlı daxili istifadə üçün ayrıca intranetə malik idi. Kubanın milli internet adlı dövlət tərəfindən idarə olunan öz intraneti var. Rusiya 2020-ci ildə "RuNet" kimi tanınan daxili interneti sınaqdan keçirmişdir. İranın Milli İnformasiya Şəbəkəsi Çinin Böyük Od Divarı kimi işləyir. 2011-ci ilin aprelində yüksək səviyyəli İran rəsmisi Əli Ağa-Məhəmmədi hökumətin islam dəyərlərinə uyğun gələn və müvafiq xidmətlər göstərən öz "halal internet"ini işə salmağı planlaşdırdığını elan etmişdir. Şimali Koreya nümunəsinə bənzər belə bir şəbəkənin yaradılması İrandan kənarda istənməyən məlumatların qapalı sistemə daxil olmasının qarşısını almaq imkanına malikdir. İranın divarlı bağının öz lokallaşdırılmış e-poçt xidmətinin və axtarış sisteminin olması planlaşdırılır.