Kəbə basqını (1979)
Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma.
Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib.
Basqına rəhbərlik edən Cuheyman əl-Uteybi Nəcdin köklü bədəvi qəbilələrindən biri olan Uteybə qəbiləsindən idi. Babası olduğu iddia edilən Sultan ibn Bəcad əl-Uteybi bu bölgədə 1920-ci illərin sonunda Səud sülaləsinə qarşı üsyan qaldıran Sələfi Müsəlman QardaşlığıQardaşlıq hərəkatına rəhbərlik etmişdi. Əsgərlikdən ayrıldıqdan sonra 1973-cü ildə Mədinədə universitet təhsilinə başlayan Uteybi, gələcəkdə bacısı ilə evlənəcəyi, basqının digər mühüm üzvü olan Məhəmməd Abdullah əl-Kəhtani ilə tanış olur. Təhsil aldığı müddətdə mehdilik və fitnə hədislərinə diqqət yetirmiş, dünyanın sonu ilə bağlı hədisləri o dövrün dünya şəraiti ilə uyğunlaşdırmışdır. Sələfi və vəhhabi inanclarına uyğun olaraq İslama dəvət adlı qrup təşkil edib və tərəfdarlar toplayıb. 1978-ci ilin yayında Uteybinin başçılığı ilə onun yüz nəfər ardıcılı Səudiyyə rəhbərliyinə qarşı nümayiş təşkil etsə də, sorğu-suallardan sonra “zərərsiz” olduqları qəınaətinə gələrək sərbəst buraxılıblar.