Səfəvi-Osmanlı əlaqələri
Səfəvi–Osmanlı münasibətləri — Səfəvi və Osmanlı dövlətlərinin münasibətləri.
Qərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilərlə 100 il Səfəvi – Osmanlı müharibələri baş vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəifləmişdir.
Hərbi əməliyyatlar 1514–1555, 1578–1590, 1603–1612, 1616–1618, 1623–1639, 1723–1727, 1730–1732, 1733–1736-cı illərdə getmiş və Amasiya (29 may 1555), İstanbul (21 mart 1590), İstanbul (20 noyabr 1612), Sərab (26 sentyabr 1618), Qəsri-Şirin (17 may 1639), Həmədan (4 oktyabr 1727), Kirmanşah (16 yanvar 1732), İstanbul (17 oktyabr 1736) müqavilələri ilə başa çatmışdır.
Səfəvilərlə Osmanlılar arasında 1730–1736-cı illərdə baş vermiş müharibə zamanı Cənubi Qafqaz ərazisi 1732-ci il Kirmanşah sazişinə görə Osmanlıların əlinə keçmiş, lakin 1736-cı ildə yenə də İstanbulda bağlanmış sazişlə İrana geri qaytarılmışdır. 1743-cü ildə İranla Türkiyə arasında yenidən müharibə başlamışdır. 1770-ci illərdə yenidən davam etmişdir.
Araşdırmalar göstərir ki, osmanlıların hücumlarından ehtiyat edən Səfəvi hökmdarları dövlətin paytaxtını 1555-ci ildə Təbrizdən Qəzvinə, 1598-ci ildə isə İranın daxilində yerləşən İsfahana köçürməyə məcbur olsalar da, sarayda, orduda, ümumiyyətlə, dövlətdə Azərbaycan türkcəsi kifayət qədər işlək bir dil olub. 1684–1685-ci illərdə Səfəvilər dövlətində olmuş alman səyyahı Engelbert Kempfer türk dilinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat verib. Digər Avropa səyyahlarından Rafael dü Man XVII əsrdə Azərbaycan türkcəsinin yalnız İranda deyil, Gürcüstan və Rusiyada da ticarətdə mühüm bir vasitə olduğunu söyləyib, A. Olearı bu dövrdə ölkədə türkcənin ümumi bir dil olduğunu və yalnız türklərin deyil, farsların, ermənilərin, gürcülərin də aralarında bu dildə danışdıqlarını bildirib. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahlarının — Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Sanson, Rafael dü Man və Engelbert Kempferin əsərlərini, Şah Səfinin Avstriya — Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu sübut edir.