Lev Kleyn
Lev Samuiloviç Kleyn (rus. Лев Самуи́лович Клейн; 1 iyul 1927, Vitebsk – 7 noyabr 2019, Sankt-Peterburq) — sovet və rus tarixçisi, arxeoloq, mədəniyyət antropoloqu, filoloq, elm tarixçisi. Tarix elmləri doktoru, professor. Sankt-Peterburqdakı Avropa Universitetinin qurucularından biridir.
Tələbəlik illərində, Nikolay Marrın müəllif olduğu və o vaxt hakim olan "Yafəs dilləri nəzəriyyəsini"nə qarşı çıxırdı, aspiranturaya daxil olduqdan sonra isə Kiyev Rus dövlətinin mənşəyi məsələsində Sovet arxeoloqlarının fikirlərinə hakim olan antinormanizmə qarşıydı. İyirmi il Leninqrad Universitetinin arxeologiya şöbəsində dərs keçirdi. Nəzəri arxeologiyanın əsasları üzərində işləyirdi; nəzəriyyə və tarixşünaslıq mövzularına aid işləri təkçə Sovet İttifaqında deyil, həm də Qərbdə də fəal şəkildə nəşr edilirdi. 1981-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi alimə qarşı cinayət işi başlatdı və o, məhkum edildi.
1982-ci ildə sərbəst buraxıldıqdan sonra Kleyn akademik dərəcəsindən və fəxri addan məhrum edildi, onu işə qəbul etmirdilər və dərs deməyə icazə verilmirdi. Yalnız yenidənqurma illərində xaricdə müəllimlik etməyə başladı və SSRİ-nin dağılmasından sonra Sankt-Peterburq Dövlət Universitetində professor oldu və 1997-ci ilə qədər Avropa Universitetində dərs deyirdi.