Münəvvər Kələntərli
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940).
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır.
Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın,
bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir.
Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi.