Vud lampası
Qara işıq lampası və ya Vud lampası (ing. Black light, Wood's light), ultrabənövşəyi işıq lampası — modeldən asılı olaraq bir-birindən fərqli diapazonlu uzun dalğalı (ən "yumşaq", görünən işığa ən yaxın) ultrabənövşəyi (UVA) işıq yayan flüoressens, qövsvari və ya LED lampadır. Kvars lampalardan fərqli olaraq, nisbətən zəif görünən parıltıya (bəzən ümumiyyətlə görünmür) malikdir və daha aqressiv ultrabənövşəyi diapazonlar yaymır: UVB (günəşdən qaralma və dəri yanıqlarına cavabdehdir) və UVC (kvars lampası radiasiyasının mikroorqanizmlərə sürətli zərərinə, insanın gözlərinə və dərisinə təsirinə görə cavabdehdir; günəş UVC-si isə yer səthinə gəlib çatmır).
Bir çox digər lampalar görünən işıqla eyni vaxtda ultrabənövşəyi şüalar yaysa da, görünən işıq olmadan UV işığı tələb olunduqda, xüsusən də bir çox maddələr ultrabənövşəyi şüalanmaya məruz qaldıqda ortaya çıxan flüoressensliyi müşahidə edərkən qara işıq lampası lazımdır. "Qara işıq" lampası dekorativ və bədii işıq effektlərində, tibbdə diaqnostik və müalicəvi məqsədlərlə, flüoressens boyalarla xüsusi işarələnmiş maddələrin aşkarlanmasında (məsələn, əskinaslarda), həvəskar və peşəkar mineralogiyada mineral ovçuluğu, saxta pulların aşkarlanmasında, plastik qatranların bərkidilməsi, həşəratların cəlb edilməsi və soyuducu sızmasının aşkar edilməsində istifadə olunur.
== Təsir prinsipi ==
Belə lampalar adi flüoressens lampalarla eyni prinsiplərə uyğun olaraq hazırlanır. Yeganə fərqi qara işıq lampalarının istehsalında xüsusi lüuminoforun istifadə edilməsi və (və ya) şəffaf şüşə lampanın əvəzinə tünd qara lampa, kobalt və ya nikel oksidi qatqıları olan mavi-bənövşəyi uvio şüşə istifadə edilir. Belə şüşə Vud şüşəsi adlanır (ing. Wood's glass) və dalğa uzunluğu 400 nmdən çox olan görünən işığı ötürmür.
== Tətbiqi ==
Kriminalistikada lampa işığında flüoressensləşən qan, sidik, sperma və ya tüpürcək izlərini aşkar etmək üçün;
Əskinasların həqiqiliyini müəyyən edərkən (bir çox müasir əskinaslarda flüoressens işarələr var);
Tibbdə dermatoloji yaraların təyinində, xüsusən də göbələk infeksiyalarının və trixofitozun aşkarlanmasında.