Fəridə Məmmədova (müğənni)
Məmmədova Fəridə Kamal qızı (29 sentyabr 1976, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti.
== Həyatı ==
Fəridə Məmmədova (soprano) Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994–2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır.
1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: J. Bizenin "Karmen" operasında Mikaela, Motsartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordiliçi və Qrafinya, Qlyukun "Orfey və Evridika" operasında Evridika, V. Bellininin "Norma" operasında Norma, C. Verdinin "Trubadur" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, Leonkavallonun "Məzhəkəçilər" operasında Nedda, P. Maskanyinin "Cavalleria rusticana" operasında Santuzza, Cakomo Puççininin "Il Tabarro", "Manon Lescaut", "Tosca" və "Gianni Schicchi" operalarında Corcetta, Manon, Toska və Çyeska, Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza, R. Mustafayevin "Vaqif" operasında Xuraman, M. Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, F. Əlizadənin "İntizar" operasında Gəlin, L. Vaynşteynin "Zoluşka" operasında Javotta, Y. Raxmadiyevin "Alpamis" operasında Mıstan ve s.
F. Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblari ilə çıxış edir.