Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
== Növ müxtəliflikləri ==
Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As)
== Xassələri ==
Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar.
== Mənşəyi və yayılması ==
Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.