ABŞ müstəqillik bəyannaməsi
ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi.
Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir.
== Bəyannamənin mətni ==
Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir.
Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir.
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.