Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri
Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, həmçinin həmin idarənin yerləşdiyi bina.
== Poçt və Teleqraf Nazirliyi ==
Azərbaycan Xalq Cümhuriyyəti Poçt və Teleqraf Nazirliyi ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanıdır. Əsası 1918-ci il mayın 28-də qoyulmuşdur. Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı 1-ci müvəqqəti hökumət kabinəsində təsis edilmiş ilk poçt və teleqraf naziri vəzifəsinə, eyni zamanda, yollar naziri olan Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi. Həmin il iyunun 17-də F.Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində də hər iki vəzifənin icrası ona tapşırılmışdı. 1918 ilin sentyabrında Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət olan Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra F.Xoyski hökuməti Bakıya köçdü və 1918 il oktyabrın 6-da onun 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən, poçt və teleqraf naziri vəzifəsinin icrası Ağa bəy Aşurova həvalə olundu. Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayandan sonra parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.Xoyskinin yaratdığı üçüncü hökumət kabinəsində poçt və teleqraf naziri vəzifəsi sosialist Aslan bəy Səfikürdskiyə tapşırıldı. 1919 il aprelin 14-də və dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində isə poçt və teleqraf naziri vəzifəsini sosialist Camo Hacınski tutdu.
== Xalq Maarifi Nazirliyi ==
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1–3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi.