is. [
ər. ]
1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək.
// Danışıq, danışma tərzi; tələffüz. Aydın nitq. Rəvan nitq.
// Ümumiyyətlə, danışma, söz, kəlam.
[Xurşid:] Sən mənimtək naçizin nitqin əcəb təqdir edib; Xalq ara timsal olub sənətə etdin ibtida. Ü.Hacıbəyov.
O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. M.Müşfiq.
□ Nitqdən düşmək (qalmaq) – danışa bilməmək, susmaq, lal olmaq, dili tutulmaq.
Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb. Füzuli.
Onun sanki dili nitqdən qalmışdı. Mir Cəlal.
Nitqə gəlmək – danışmağa başlamaq, dilə gəlmək.
Nitqi açılmaq – danışmağa başlamaq, dili açılmaq.
[Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir, görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır. B.Talıblı.
Nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) – danışa bilməmək, dili tutulmaq, danışmaq qabiliyyətini itirmək (sevincdən, fərəhdən, həyəcandan və s.-dən).
Könlüm açılır zülfi-pərişanını görgəc; Nitqim tutulur qönçeyi-xəndanını görgəc. Füzuli.
Molla Tarıverdi başladı yarpaq kimi titrəməyə və nitqi kəsilib daha danışa bilmədi. E.Sultanov.
Sual [Şirəlini] elə sarsıtdı ki, bir neçə saniyə nitqi qurudu. S.Rəhman.
Eşitdiyi sözlərdən sanki [ovçunun] nitqi batmışdı. Ə.Məmmədxanlı.
2. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz.
Hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçiririk. C.Məmmədquluzadə.
Kəndliləri yeni quruluşun qanunu ilə tanış etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. S.S.Axundov.
□ Nitq irad etmək – nitq söyləmək.
Edərək hər tərəfdə nitq irad; Xəlqi dəvətlə eylədik irşad. H.Cavid.
Nitq söyləmək – kütləvi yerlərdə, yığıncaqlarda müəyyən məsələ ətrafında danışmaq, fikir söyləmək, çıxış eləmək.