İbtidai insanlar ağac qabığından üzərində yazı yazmaq üçün istifadə edirdilər. Bu qabıq parçaları elə də böyük deyildi, amma onları ard-arda yapışdıranda istənilən ölçüdə uzun zolaq əmələ gəlirdi. Hər bir parçanın üzərində yazdıqdan sonra onu bürmələmək olardı. Belə bir bürməni (cildi) kitab da adlandırırdılar. Bu cür bürmələnmiş kitabı açıb sonradan yenidən dolamaq çox yorucu idi.
Xristianlığın ilk çağlarında kimsə kitab səhifələrinin vərəqlənməsinin asan yolunu tapdı. Səhifələri ard-arda yapışdırmaq əvəzinə, onları üst-üstə yığıb bu halda bir-birinə yapışdırmağa və ya tikməyə başladılar.
Təxminən XII əsrdə olduqca kiçik bir şeir balaca kitab şəklində işıq üzü gördü. Onun adı “Pamfilus”, yəni “hamı tərəfindən sevilən” idi. Pamfilus poemanın qəhrəmanı olan qadının adı idi.
Bu kitab kiçikhəcmliliyi, oxunaqlılığı və məzmununa görə, həqiqətən, əldən-ələ gəzən və çox satılan bir bestsellerə çevrildi.
Kitab elə şöhrət qazandı ki, o vaxtdan üz qabığı, adətən, kağızdan olan və cəmi bir neçə səhifədən ibarət istənilən kiçik kitabçanı pamfilius adlandırmağa başladılar. Fransızlar kitabın kiçikliyinə eyham vuraraq bu sözə “et” kiçiltmə şəkilçisini əlavə etdilər və beləliklə, “pamflet” (həcv) sözü yaranmış oldu. (Ayzek Azimov. Sözlərin tarixi)