Portuqaliyalı İzabella (Kastiliya kraliçası)
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 1428, Portuqaliya krallığı – 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı.
İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi.
== Həyatı ==
=== İlk illəri ===
İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi. Beləcə, cütlüyün toy mərasimi 22 iyul 1447-ci ildə baş tutdu.
=== Kraliçalıq illəri ===
Sarayda güclü nüfuza malik olan Alvaro Luna uşaqlığından bəri kralı təsiri altında saxlayırdı və evləndikdən sonra da bu təsirini davam etdirmək niyyətində idi.