Azərbaycanda tarixi pələng ovları
Azərbaycanda tarixi pələng ovları – 1932-ci ilə qədər Azərbaycanın əsasən cənub-şərq bölgəsində (Göytəpə və ətraf ərazilər) keçirilmiş, Turan pələngi ovları.
== Tarixi ==
Tarixən Roma İmperiyasında keçirilən qladiator döyüşlərində Turan pələngi istifadə edilmiş, buna görə də Anadolu və Qafqazda bu heyvan ovlanmışdır. Bu proses keçən əsrlərdə də davam etmiş, Sovet dövründə, 1930-cu illərə qədər müxtəlif sovet respublikalarının pələng ovçuları mükafatlandırılmışdır.
Turan pələngi (həmçinin Xəzər, Hirkan, Mazandaran, Qafqaz, Talış pələngi olaraq da bilinir) vaxtilə ölkəmizdə rast gəlinən, Anadoludan Çinin qərbinə qədər geniş ərazidə yayılmış iri pişikkimi olmuşdur. Turan pələngi populyasiyası 1970-ci ildə Hakkaridə (Türkiyə) ovlanan fərdlə nəsli tükənmiş hesab olunsa da, bəzi araşdırmalar 80-ci illərdə Türkiyədə və Əfqanıstanda bəzi fərdlərin sağ qala biləcəyi, alimlərin onu vaxtından öncə nəsli tükənmiş elan etdiyini qeyd edir – ekologiyada buna Romeo xətası deyilir.
Azərbaycanda uzun dövr ərzində pələng ovları həyata keçirilmişdir. "Qafqaz" qəzetinin 1846-cı ildə buraxılmış nömrələrindən birində (№ 13) Talış meşələrində həyata keçirilən pələng ovlarından bəhs edilir. Buradakı pələnglərin ailə şəklində (dişi və cüt) olduğu qeyd edilir. Həmçinin, tövlədə pələnglə qarşılaşmış ərini xilas etmək üçün heyvanı balta ilə öldürmüş qadından bəhs edilir. Qadının birinci zərbəsindən sonra pələng ona hücum etmiş, ancaq ağır yaralanmış pələng ölmüşdür.