Qarağacyarpaq quşqonmaz
Qarağacyarpaq quşqonmaz (lat. Filipendula ulmaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü.
Avropanın əksər ərazilərində, Qərbi və Mərkəzi Sibirdə, Qafqazda yayılmışdır.
Kökümsovlu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.
Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır.