Qrasiya Deledda
Qrasiya Deledda (it. Grazia Deledda; 27 sentyabr 1871[…], Nvoro[…] – 15 avqust 1936[…], Roma[…]) — italyan yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1926).
Ədəbiyyat sahəsində Nobel mükafatı alanların siyahısında dünya miqyasında tanınmış müəlliflərlə yanaşı ən qızğın mütaliə həvəskarına da heç nə deməyən adlara da təsadüf olunur. İtalyan yazıçısı Qrasiya Deleddanı tam əsasla ikinci qisim yazıçılara aid etmək mümkündür. Ötən əsrin 20-30-cu illərində yaradıcılıqları böyük rezonans doğuran, yüksək intellektləri və şəxsi nüfuzları ilə dünya miqyaslı proseslərə təsir göstərən, kitabları yüz minlərlə nüsxə tirajla çıxan bir sıra müəlliflərin iddiaçılar sırasında olmasına baxmayaraq, mükafatın "özü üçün yazan" sadə italyan qadınına verilməsi müəyyən mənada təəccüblü görünməyə bilməz.
Qrasiya Deledda Sardiniyada, Nuoro adlı kənddə doğulmuşdu. Atası hüqquşünas, anası isə savadsız kəndli qadın idi. Ailələri yerli meyarlar baxımından imkanlı sayılırdı. Mədəni həyata gəldikdə isə kənddə elə qapalı mühit vardı ki, sakinlər italyanca deyil, latın dilinə yaxın yerli dialektdə danışırdılar. Xanım Deledda özü doğma kəndini istehza ilə "bürünc dövrünün yaşayış məskəni" adlandırmışdı.