Quzey Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.