Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif).
Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi.
Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır.
M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı.
Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır.
1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.