Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır.
Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.