Dünyaların müharibəsi (radiotamaşa)
"Dünyaların müharibəsi" — Orson Uells tərəfindən yaradılan "The Mercury Theatre on the Air" radiodram antologiyasına aid radiotamaşa. 30 oktyabr 1938-ci il tarixində Hellovin epizodu kimi Columbia Broadcasting System radioşəbəkəsi tərəfindən yayımlanmışdır. Radiotamaşa Herbert Uellsin "Dünyaların müharibəsi" (1898) romanı əsasında yaradılmışdır. Efirə verildiyi zaman izləyicilərin sayının az olmasına baxmayaraq, radiotamaşa ABŞ əhalisində kütləvi panikaya səbəb olmuşdur.
== Süjet xətti ==
1938-ci ilin Hellovin bayramı ərəfəsində "Mercury Theatre" radiodramının aktyorları Herbert Uellsin "Dünyaların müharibəsi" romanını özlərinin 1 saatlıq radioproqrammına daxil etmək qərarına gəlmişdilər. Ardınca eyniadlı radiotamaşanın efirə gedəcəyi barədə anons verilmişdir. Anons zamanı romanın proloqunu Orson Uells gələcəkdən gəlmiş insan obrazında səsləndirmişdir. Radiotamaşada hadisələr 1939-cu ilin Nyu-Cersisində cərəyan edir. Saatın əvvəlində artistlərdən biri radiotamaşanın başlamasını elan etmiş, bundan sonra hava proqnozu, daha sonra "Ramon Rakello və orkestri"nin (əslində orkestrə Bernard Herman rəhbərlik etmişdir) konserti başlamışdır. Tezliklə musiqinin səsi Marsın səthində qəribə partlayışların müşahidə olunması xəbərilə kəsilir.