Rübabə Axundova
Axundova Rübabə Məmməd qızı (1907, Azərbaycan Respublikası, Şamaxı—1969)— Azərbaycanın əməkdar müəllimi, SSRİ Ali Sovetinin iki çağırışının deputatı, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru olmuşdur.
Rübabə Məmməd qızı Axundova Azərbaycanın Şamaxı rayonunda anadan olmuş, bir çox rəhbər vəzifələrdə çalışmış və əməkdar müəllim fəxri adlına layiq görülmüşdür. 11 yaşı olanda atası rəhmətə getmiş və o bacısının ailəsində tərbiyə almışdı. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti) Şərq fakültəsinə qəbul olmuşdur. 1928-ci ildə həmin fakültəni bitirmişdir. Rübabə xanım həmçinin Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin də məzunudur. 1928-ci ildən Bakı şəhəri Stalin rayonunda (indiki Səbail rayonu) orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, Bakı şəhəri Voroşilov rayonu (indiki Səbail rayonu, vaxtilə ayrıca rayon olmuş, daha sonra Stalin, yəni indiki Səbail rayonuna birləşdirilmişdir) 132 nömrəli qızlar orta məktəbinin tədris bölməsinin müdiri olmuşdur. 1947-ci ilin oktyabrından Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin peşə ittifaqı Mərkəzi Komitəsinin sədri olmuşdur. Daha sonra M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru vəzifəsində çalışmışdır. Rübabə Axundova bir sıra dövlət mükafatlarına da layiq görülmüşdür.