Aşıq Hüseyn Saraclı
Aşıq Hüseyn Saraçlı (tam adı: Hüseyn Qurban oğlu Həsənov; 1916, Saraçlı, Borçalı qəzası – 12 iyul 1987, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan ustad aşığı. Azərbaycan Aşıqlar Birliyinin üzvü. Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi olmuşdur.
== Həyatı ==
Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı (Borçalı) kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası 1931-ci ildə kolxoz quruculuğu dövründə rus bolşevikləri tərəfindən güllələnib.
Natamam orta təhsilini Saraçlı məktəbində alan Hüseyn onu sözün əsl mənasında şöhrətin zirvəsinə qaldıran, adını bütün Qafqazda, Türkiyə və Orta Asiyada dillər əzbəri edən aşıqlıq sənətinə hələ lap gənc yaşlarından başlayıb. Saz tutmağı Saraçlıda Aşıq İsmayıldan öyrənib, Aşıq İbrahim Quşçunun və Sarvan Bayramın yanında püxtələşib. Borçalının məşhur söz ustaları Faxralı Şair Nəbinin və Şair Ağacanın Allah vergisi ilə yoğrulmuş istedadından bəhrələnib.
Aşıq Hüseyn Saraçlı boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti ilə yanaşı, həm də əxlaqı – yüksək mənəviyyatı ilə əsl ozan idi. Aşıq, yetişdirib ərsəyə çatdırdığı şəyirdləri Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı və başqaları ilə birlikdə dağlı-aranlı Borçalını at belində diyar-diyar dolaşar, dəvət olunduğu ellərdə ağır-ağır toylar edər, məclislər yola verərdi.