1580-ci ildə, IV İvanın (Qroznı) hakimiyyəti dövründə rus macəraaxtaranı Yermak Timofeyeviç Uralı keçərək sonralar Sibir adlandırılacaq əraziləri qəsb etdi. O bunu dəri ticarəti ilə məşğul olan varlı Stroqanovlar ailəsinin pulu ilə həyata keçirdi. Sonralar səyyahlar şərqə doğru daha da irəlilədilər və yeni torpaqların hamısına Sibir deyilməyə başlandı. Yüz ildən bir az çox müddət ərzində Rusiya Sakit okean sahillərinə gəlib çıxdı. Ərazisinin çox hissəsini əbədi buzlaqlar təşkil edən Sibir qərbdən şərqə 6400 km. uzanır.
Hakimiyyəti dövründə Rusiyanı Sakit okean sahillərinədək genişləndirən I Pyotr caniləri edam etməkdənsə Sibirə sürgünə göndərməyin daha faydalı olduğunu düşünürdü. Onlar həmin torpaqlarda məskunlaşmaqla oraları inkişaf etdirə və beləliklə də, xeyir verə bilərdilər. İlk siyasi məhbuslar Sibirə 1710-cu ildə sürgün edildilər. Sonralar digər rus çarları da siyasi sürgünlər siyasətini davam etdirdilər və XIX əsrdə artıq hər il 18 000 adam Sibirə sürgün olunurdu.
Bu gün insanın cəza məqsədilə ölkənin mərkəzindən uzaqlaşdırılması Sibir sürgünü adlandırılır. (Ayzek Azimov. Sözlərin tarixi)