Vahid Musabəyov
Vahid Musabəyov (1 avqust 1864, Qutqaşın – 13 may 1943) — əmək qəhrəmanı.
== Həyatı ==
1864-cü il avqust ayının 1-də Qutqaşendə kəndli ailəsində doğulmuşdur. 1885–1889-cu illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil almışdır. Burada o, rus və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələri, ilk növbədə, Fonvizin, U. Şekspir, N. M. Karamzin, A. S. Puşkin, M. Y. Lermontov, N. V. Qoqol, M. F. Axundov, İ. S. Turgenev, L. N. Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanış olur ki, onlar V. Musabəyovun pedaqoji baxışlarının formalaşmasına güclü təsir göstərir. Bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı əsərlərin adları vardır ki, o, onları oxumuş və müəyyən qeydlər etmişdir.
Sənədləri vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son dərəcə istedadlı və səliqəli şagirdlərindən olması göz önündə canlanır. Musabəyovun seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri böyük maraq doğurur. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtalyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Xəritələrdə seminariya müəlliminin qeydləri vardır. Xəritələr o qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda onun seminarist tərəfindən çəkildiyi təəccüb doğurur.