Tərcüman (qəzet)
"Tərcüman" qəzeti (krımtat. ترجمان, rus. Переводчик) — 1883–1918-ci illərdə Krımın Bağçasaray şəhərində nəşr olunan qəzet.
1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxmaq üçün təşəbbüs göstərən İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb "Tərcüman" adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. İsmayıl bəy Qasprinskiyə məsləhət görürdü ki, qəzetdə ərəb və fars sözlərindən, eləcə də Krımda başa düşülən spesifik sözlərdən uzaq olunsun.[mənbə göstərin]
"Tərcüman"ın hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğrunda savaşa səsləyirdi. Ona görə də İsmayıl bəy Qasprinski müasirləri tərəfindən türk dünyasının hər yerində, eləcə də Azərbaycanda görkəmli maarifçi kimi təqdim edilmiş, ondan yüksək ehtiramla bəhs etmişlər.
"Tərcüman" hər nüsxəsində öz məsləyini belə ifadə edir: "Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan "Tərcüman", müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq hər kəs anlayacaq surətdə qələm işlədir".
"Tərcüman" qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olmuşdur. Mənbələr göstərir ki, Azərbaycan ziyalıları "Tərcüman"a abunə yazılmış, uzun müddət bu qazetə "yeganə milli qida" kimi baxmışlar.