Məhəmməd Tağı Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim, ədəbiyyatşünas, filosof və coğrafiyaşünas. Məhəmməd Tağı Sidqinin maarifçi ideyaları, bədii yaradıcılığı və elmi-pedaqoji əsərləri XIX əsrin sonları, XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və maarifçi-realist ədəbiyyatın mühüm hadisəsidir. Onun ideyaları və çoxcəhətli fəaliyyəti nəinki Azərbaycan miqyasında, Qafqazda, Türkiyədə və İranda da əks-səda doğurmuş, ümummilli inkişafa ciddi təsir göstərmişdir. Məhəmməd Tağı Sidqi universal elmi biliklərə malik olan geniş dünyagörüşlü maarifçi ziyalı olmuşdur.
== Həyatı ==
Məhəmməd Tağı Sidqi 1854-cü ildə Naxçıvan mahalının Ordubad şəhərində anadan olmuşdur. Məhəmməd Tağı Sidqi Ordubadda mədrəsə təhsili almış, bu təhsil ocağında islam dininin əsaslarını, ərəb və fars dillərini, Şərq ədəbiyyatını öyrənmişdir . Gənc yaşlarında İrana səyahət etmiş, Təbriz, Şiraz, Nişapur şəhərlərini gəzmiş, ordubadlı tacirlərin yanında kiçik ticarətlə məşğul olmuş və ailəsini dolandırmaq üçün çayxana açmışdı. Bu çayxana həmin dövrdə Ordubadda yaşayan şairlərin və açıqfikirli adamların görüş və fikir mübadiləsi yerinə çevrilmişdir . Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci il tarixdə yazdığı "Tərcümeyi-halım" adlı xatiratında atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: "O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş.
Böyük pedaqoq və görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi 9 dekabr 1903-cü ildə indiki Kəngərli rayonunun Qarabağlar kəndində qəflətən vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.