Toxar dilləri
Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərində və Lop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır.
XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur.
İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur.
XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur.
Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır:
Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir.
Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir.
Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir.