"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
== Medal haqqında ==
"Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə;
Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;
Sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə;
Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;
Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə;
Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə;
Xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə.
"Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
"Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
== Medalın təsviri ==
"Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.
Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir.
Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir.